Bu gün ŞUŞANIN işğalından 26 il ötür
————————————————
ŞUŞANI QAYTAR MƏNƏ
Xəritə üzərində məlumatdan ibarət
Qovuşmaq cəhdlərimiz tək fəryaddan ibarət
Dəmir lövhə üstündə cansız addan ibarət
Dəmiri əzizlədim, darıldı yollar mənə
Adı kölgətək keçir məsum uşaqlığımdan
Boğuldum rəzalətin iyrənc bataqlığında
Daha ümid qalmadı görərəm sağlığımda
Qismət olarsa orda qazılsın məzar mənə
Ayaqlar altındadır şərəf tacım, nə edim
Giley-güzardan savay yox əlacım, nə edim
Yağı zindanındakı anam-bacım, nə edim
Tövlədən əl yelləyir abır, həya, ar mənə
Əsir qeyrətimizdə dərin yara buraxdıq
Yağıları yurdumda bir gör hara buraxdıq
Vətəni qaytarmağı övladlara buraxdıq
Sabah şəhid xəbəri, övlad dağı var mənə
Vətəni gətirmədən qayıtmışam yanına
Bu günləri görüncə bələnəydim qanıma
Anaların baxışı sancılır vicdanıma
İndi bircə söz deyir: Şuşanı qaytar mənə!