Aygün Sadiq
Dillər qıfıllandı gör neçə yüz il
“Danışmaq gümüşsə, qızılmış susmaq”
Bizim susmağımız- bu arsız “qızıl”
Nə üzdə üz qoydu, nə başda papaq
Qızıllar səmada bərq vurub uçur
Külüng vuranların gücü “mükəmməl”
Xalqının başına bəlalar açır
Doğma tarixinə külüng vuran əl
Endir silahını, ay külüng vuran
İnsafın yoxdurmu, yadsanmı bizə
Az idi asilər, sən də bir yandan
Silah tuşlamısan tariximizə
Sinəmiz çal-çarpaz dağlara məskən
Sağalda bilmirik yara yerini
Yerli cəlladlar da durub tələskən
Dolaşır Bakının küçələrini
Daşlar haray çəkir, inildəyərək
Gözündə yalvarış dönür çeşməyə
Bu xalqın əlindən çörək yeyərək
Qollar təpər tapır asiləşməyə