Yağış yağsın səhər-axşam
Yusun bu eli, obanı
Damlası qoy çox gur olsun
Təmizləsin hər bəlanı
***
Axsın yağış ürəklərə
Yusun kini -kudurəti
Yuva qurmuş yaltaqlığı
Təmizləsin xəyanəti
***
Yağ ey yağış! İnamla yağ
Süzül, damlan boş axmasın
İslanmayıb toz- pas tutan
Bircə dənə yer qalmasın
***
Vicdanların üzərindən elə ax ki
İz buraxma, şəffaf olsun sənin kimi
Yu üzləri, simaları
Saxtalıqdan uzaq olsun suyun kimi
***
Yu göz yaşın, yerinə ax
Parla, şeh ol dodaqlarda
Yu torpağı , elə islat
Haqq cücərsin bu dünyada