Məmmədhüseyn Hüseynov haqlı olaraq qeyd edir ki, “Oğuznamə”lərdə qədim oğuz ittifaqlarının damğaları, şamanizmlə bağlı cəhətləri və Oğuz xanın on iki çadırlarda oturan iyirmi dörd xan nəvəsinin adlarının anlamı və onların orqonları olmuş, quşların mücərrəd təsvirlərini Azərbaycan xalçalarında açıq-aydın görmək olur
.
Nümunə üçün onlardan bir-neçəsini aşağıda göstərmək olar
:
1) Bayatın anlamı – dövlətli deməkdir. Damğasının işarəsi və onqonu bayquş və ya gecə quşudur. Bu mücərrəd naxışa Qarabağ zililərində rast gəlmək olur
.
2) Dügərin anlamı – çevrə deməkdir. Damğasının işarəsi və onqonu – çalağan quşudur. Qubanın “Qımıl” adlı xalçasında və Bakı xalçalarının haşiyələrində təsadüf edilir
.

3) Avşarın anlamı – işdə çevik olan deməkdir. Damğasının işarəsi və onqonu Ağ şahin və ya uçan şanapipik quşudur. Qarabağ vərnisinə və Bakı zilisinə məxsus elementlərdir
.
4) Beydelinin anlamı – danışığı hörmətli deməkdir. Damğasının işarəsi və onqonu laçın quşudur. Qarabağın “Qasımuşağı” adlı xalçasının əsas naxışlarındandır və s
.
Göründiyi kimi sadə quruluşa malik olan bu naxışlar simvolik işarələrə çevrilərək, dini və mifik sistemi bioloji şəkildə özündə cəm edib daşımışdır”
.
Sənətşünas alim Xədicə Əsədovann sözlərinə görə, Azərbaycan naxış sənətinin sistemli tədqiqi belə bir fikir söyləməyə imkan verir ki, naxış mədəniyyətimizin kökləri neolit–eneolit dövründən başlayaraq orta əsrlərdə, xüsusilə İslam dininin yayılmasından sonra zirvəyə çatmışdır. O yazır ki, Azərbaycan xalçalarında quş obrazlarının təsvirləri də üstünlük təşkil edir
.
Qədim dövrlərdə ulu, dini, himayədar, ana ilahə kimi mifik təsəvvürlərlə əlaqədar tətbiq olunan quş təsvirləri, sonralar dekorativ məzmun üslubunda təsvir olunurlar. Daha sonralar isə bəzək elementinə çevrilən müxtəlif quş təsvirləri stilizə edilir, daha çox təhrif olunur, mücərrədləşdirilir. Dekorativ sənətdə geniş yayılmış bu cür obrazlara humay, tovuz quşu, göyərçin, bülbül, qartal, ördək, xoruz və s. quşlar daxildır:“Xalçalarda da geniş tətbiq olunan bu obrazların müxtəlif işlənmə üslubları mövcuddur. Tətbiq olunduqları əşyalara yüksək bədii məna bəxş edən bu cür obrazlara Azərbaycanın hər bir bölgəsində toxunulmuş xalçaların üzərində rast gəlinir
.
Xalçaların üzərindəki quş təsvirlərinə diqqət yetirdikdə biz onların hətta eyni xalça məktəbində də müxtəlif təsvir formalarına rast gəlirik. Tarixin qədim dövrlərindən bu günədək sənət abidələrinin, xalçaların üzərində rast gəlinən quş motivlərinin müxtəlif semantik mənaları var. Quş semantik mənasına ilk dəfə olaraq Şumerlərin “Bilqamıs” dastanında rast gəlinir. Burada quş dirilik ağacı ilə əlaqəli çıxış edərək ölməzlik simvolunu ifadə edir”
.
Alimin fikrincə, Şərq aləmində quş insanın ruhu mənasını ifadə edir. Hər bir insanın quş şəklində bir qoruyucu ruhu olduğu, ölən insanın ruhunun göyə yüksəlib quş kimi uçması, biri öləndə “quş kimi uçdu getdi” tipli ifadələr hələ də xalq arasında mövcuddur. Qədim türklərin minilliklər öncə yaranıb inkişaf edən inamlarında quş təsvirləri böyük simvolik əhəmiyyət daşımış, semantik mənada güc – qüdrəti ifadə etmişdir
.
Bu mənada Oğuz tayfasının (Oğuz xanın 24 nəvəsinin) damğası, onqonu məhz – qırğı, çalağan, şahin, humay, qartal və s. quşların adı ilə bağlı olmuşdur
:
“Onu da qeyd etməliyik ki, quşların semantik mənalarında su quşlarının (xüsusilə ördək) əhəmiyyəti çox böyuk olmuşdur. Suyu, həyatı təmsil edən bu quş təsvirləri həyatın yaranmasını və daimiliyini ifadə etmişdir. Xalçalarda rast gəlinən quş təsvirləri arasında naxış formasını almış motivləri və ya quşların sxematik təsvirləri ilə yaradılmış kiçik kompozisiyalar da mövcuddur
.
Bu cür kompozisiyalarda quşlar heraldik (simmetrik) prinsiplə təsvir olınurlar. Bu kompozisiyalarda isə quşlar mərkəzdə yerləşdirilmiş nəbati motivin (gül, çiçək, ağac və s.) yanlarında üz-üzə ya da əks istimaqəmətə baxan şəkildə təsvir olunurlar”
.
Xədicə Əsədovanın yazdığına görə, xalça naxışları arasında inanclar və totemlərlə əlaqədar tipoloji qrupa daxil olan motivlərə də tez–tez rast gəlinir. Astral inanclarla bağlı təsvirlərə “Malıbəylı” kompozisiyalı xalçalarda daha çox rast gəlinir
.
Bu cür xalçalarda əsas göllərin içərisində həm günəşi təmsil edən svastika, həm də həndisiləşdirilmiş “bulud” təsvirləri yerləşdirilir. Bu təsvirlərin qəbiləni, tayfanı ifadə edən əsas gölün içərisində yerləşdirilməsi bu inancların keçmişdə böyük əhəmiyyətə malik olmasını bir daha sübut edir. Xalçalar üzərində olan bu cür təsvirlərə əsasən göl əkinçiliklə və ya təsərrufatla məşgul olan tayfanı ifadə edir: “Gölün mərkəzindəki günəş odu, alovu, istiliyi, bulud isə suyu – ilkin təbiət ünsürlərinin vəhdətini təmsil edir
.
Astral inanclarla bərabər tayfalar, qəbilələr, xalqlar arasında müxtəlif inanclar da mövcuddur. Zaman keçdikcə bu inanclar totemlərlə, dini inanclarla əvəz olunur. Əvvəllər müxtəlif allahlara, ruhlara inananlar artıq müxtəlif totemlərə inanırlar. Bir çox hallarda günəşi xarakterizə edən bu cür totemlərə “tovuz quşu”, “şir”, “keçi” və s. heyvan fiqurları daxil idi. Xalçalar üzərində isə bü cür totemlərlə bağlı olan elementlərə tez–tez rast gəlinir”
.
İstər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ulduzun qoşa təsvirlərinə çox sıx-sıx rast gəlinməkdədir
.
Sözü gedən təsvirlərdə ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur
.
Bu tip piktoqrafiya nümunələrinin önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə (ulduza) baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun (1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız Ülkər ulduzu peyda olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər
